Salam dostlar,
Bu məqaləmdə nəzəri olaraq "Postfix" haqqında bəhs edəcəm. Real məzmuna keçid etməzdən əvvəl, istərdim ki, loru dildə kiçik bir izah verim. Yəni, fərz edək ki, siz ünsiyyətin (communication) çox vacib və sıx olduğu bir ofisin idarə olunmasını həyata keçirirsiniz və bu işdə çox cavabdehsiniz. Bu zaman zənglər, mesajlar, "email" yazışmalar və s. hər saniyə daxil olur və göndərilir ki, onların alıcılara (recipient) tez və təhlükəsiz şəkildə çatdırılmasını (yönləndirilməsini) təmin etmək də məhz sizin məsuliyyətinizdədir. Bu səs-küylü sıx ofisdə olduğu kimi, kompüter şəbəkələri mühitində də e-poçtların çatdırılmasını (yönləndirilməsini) idarə edən məsuliyyətli "Relay Agent" (RA) və ya "Mail Transfer Agent" (MTA) adlı oxşar sistem mövcuddur ki, bunlardan da biri məhz "Postfix"-dir. Beləliklə:
"Postfix" nədir?
Açıq mənbə kodlu və pulsuz olan "Postfix" ən populyar "MTA"-lardan biridir, əsas funksiyası istifadəçilərdən və ya digər "MTA"-lardan e-poçtları qəbul etmək, onları emal etmək və sonra onları nəzərdə tutulan ünvanlara çatdırmaqdır.
"Postfix" necə işləyir?
E-poçt daxil olduqda, "Postfix" (zərfdəki) ünvanı (e-poçt başlığı) yoxlayır, hara getməli olduğunu müəyyən etmək üçün müvafiq və ilk olaraq çeşidləmə işini həyata keçirir. Lakin "Postfix" sadəcə e-poçtları kor-koranə göndərmir. Bu, e-poçt qəbul edənin ünvanının etibarlı olub-olmadığını, e-poçt göndərənin sistem vasitəsilə məktub göndərmək səlahiyyətinin olub-olmadığını yoxlayan, eləcə də həssas və vacib məlumatları qorumaq üçün şifrələmə kimi təhlükəsizlik tədbirlərini tətbiq edən ağıllı bir "MTA"-dır. Bəzən "Postfix" e-poçtun çatdırılmasında müəyyən çətinliklərlə üzləşə bilər, lakin bu zaman "Postfix" təslim olmur və e-poçt qarşı tərəfə çatana qədər yenidən göndərmə cəhdlərini həyata keçririr. "Postfix" təhlükəsizlik üçün alətlər və mexanizmləri, yəni e-poçt təhlükəsizliyini təmin etmək üçün şifrələmə, autentifikasiya, giriş nəzarəti (access control), spam filtrləmə və s. daxil olmaqla müxtəlif funksiyaları həyat keçirə bilir.
"Postfix"-in bəzi üstünlükləri
- Təhlükəsizlik - "Postfix" giriş nəzarəti, "SMTP" autentifikasiyası, şifrələmə dəstəyi (TLS) və daxili spam filtrləmə imkanları kimi xüsusiyyətləri təklif edən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla hazırlanmışdır ki, məhz bu xüsusiyyətlər spam, zərərli proqramdan qorunmağa və "mail server"-ə icazəsiz girişin qarşısının alınmasına kömək edir;
- Etibarlılıq - "Postfix" etibarlı və sabit bir sistemdir. O, böyük həcmli e-poçtları səmərəli idarə etmək üçün nəzərdə tutulmuşdur, müvəqqəti şəbəkə kəsilməsi və ya "server"-in dayanması zamanı e-poçtları çatdırmaq üçün növbəlilik funksiyasını da işə salır;
- Performans - "Postfix" minimal resurs istifadəsi ilə yüksək e-poçt ötürmə funksiyasını həyata keçirir ki, bu da onu həm kiçik miqyaslı, həm də böyük müəssisə səviyyəli e-poçt sistemləri üçün daha uyğun edir;
- Konfiqurasiyanın asan olması - "Postfix"-in konfiqurasiyası əsas quraşdırmalar üçün nisbətən sadədir ki, bu da idarəçilərə parametrləri öz tələblərinə uyğun fərdiləşdirməyə imkan verir;
- Uyğunluq - "Postfix" müxtəlif e-poçt sistemləri ilə uyğunluğu təmin edərək, "SMTP", "POP3" və "IMAP" kimi standart e-poçt protokollarını dəstəkləyir. O, həmçinin spam filtrləri və antivirus skanerləri kimi e-poçt sistemlərində geniş istifadə olunan digər proqram komponentləri ilə də problemsiz şəkildə inteqrasiya oluna bilir. Ümumiyyətlə, "Postfix" təhlükəsizlik, performans və s. təklif edən güclü və etibarlı bir "MTA"-dır ki, bu da onu müxtəlif təşkilatlarda e-poçt infrastrukturunu idarə etmək üçün populyar seçimlərdən biri edir.
Dostlar,
Güman edirəm ki, "Postfix" haqqında bu yazım da faydalı olar.
Təşəkkür edirəm
Hörmətlə,
Müəllif
Araz Əhmədov
Comments
Post a Comment